İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyini (ADEA) İdarə Heyəti sədrinin müavini Zaur Abişev təmsil edib. Çıxış edən Z.Abişev qeyd edib ki, sürətlə dəyişən dünyada yaranan yeni çağırışlar və risklər daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması üçün dövlət ehtiyatlarının yaradılmasını vacib edib: “Arzuolunmaz hadisələr və bunun yarada biləcəyi risklərdən qorunmaq, həmçinin ölkənin dayanıqlılığını və iqtisadi sabitliyini təmin etmək üçün dövlət ehtiyatlarının yaradılması və səmərəli idarə olunması zəruridir”.
Agentliyin rolundan danışan Z.Abişev bildirib ki, əsas məqsəd strateji əhəmiyyətli mallar üçün daha dayanıqlı və səmərəli təchizat zənciri qurmaq, daxili bazarın qısamüddətli təsirlərə qarşı müqavimətini gücləndirmək və fövqəladə hallar zamanı əhalinin zəruri ehtiyaclarının qarşılanmasını təmin etməkdir. Agentlik rəsmisi, həmçinin İsrailin bu sahədəki qabaqcıl təcrübəsini öyrənməkdə maraqlı olduqlarını vurğulayıb.
Qeyd edək ki, iclasda ikitərəfli əlaqələr, təchizat zəncirinin davamlılığının təmin edilməsi, tənzimləyici tədbirlərin tətbiqi, qabaqcıl təcrübələrin öyrənilməsi istiqamətində müzakirələr aparılıb. Həmçinin, səfər zamanı Z.Abişevin İsrailin müxtəlif əlaqəli qurumlarının rəsmiləri ilə ikitərəfli görüşləri keçirilib.
Yekunda Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Dördüncü İclasının Protokolu imzalanıb.