Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur Ələkbərov “Report”a müsahibə verib

05 November 2024

Qloballaşan dünyada iqtisadi və sosial sabitliyin təmin olunmasında dövlət ehtiyatlarının yaradılması böyük əhəmiyyət daşıyır. Təbii fəlakətlər, müharibələr və iqtisadi böhranlar dövlət ehtiyatlarının yaradılmasını vacib hədəfə çevirir. Bu məqsədlə ölkə başçısı İlham Əliyevin 2021-ci il 7 oktyabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (ADEA) təsis olunub.

Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur Ələkbərov “Report”a müsahibəsində ADEA-nın üç il ərzində gördüyü işlər və gələcək üçün əsas hədəflərdən danışıb.

- Dövlət ehtiyatlarının yaradılmasının məqsədi və əhəmiyyəti nədir?

- Bu gün olduqca mürəkkəb və sürətlə dəyişən bir dövrdə yaşayırıq. Mövcud şərait yeni risklərin yaranmasına və sürətlə yayılmasına səbəb olur. Müxtəlif ölkələrdə baş verən təbii fəlakətlər, texnogen qəzalar, sürətlə yayılan yoluxucu xəstəliklər, hərbi münaqişələr və iqtisadi böhranlar dövlətlərin təhlükəsizliyinə və insanların rifahına ciddi təsir göstərə bilər. Məsələn, COVID-19 pandemiyası zamanı tətbiq olunan karantin rejimi iqtisadi fəaliyyətin kəskin azalmasına səbəb oldu ki, bu da enerji resurslarının qiymətinin düşməsi, sənaye və kənd təsərrüfatı mallarının istehsalının azalması, dərman vasitələrinin və tibbi ləvazimatların qlobal səviyyədə çatışmazlığı ilə nəticələndi. Eyni zamanda, hərbi münaqişələr, fövqəladə hadisələr – zəlzələlər və sair bu kimi fərqli böhran vəziyyətləri müxtəlif resursların ehtiyatının yaradılmasını zəruri edir.

Dövlət ehtiyatlarının yaradılması bu cür gözlənilməz çağırışlar zamanı dövlətə əhalini, iqtisadiyyatı və ətraf mühiti effektiv qorumağa imkan verir. Azərbaycan hökuməti bu risklərin qarşısını almaq üçün daim qabaqlayıcı tədbirlər görür və bu istiqamətdə dövlət ehtiyatlarının yaradılmasına xüsusi diqqət ayırır.

Ümumiyyətlə, dövlət ehtiyatları, fövqəladə hallarda əhalinin əsas istehlak mallarına tələbatını qarşılamaq üçün saxlanılan strateji əhəmiyyətli maddi resurslardan ibarətdir. Bu ehtiyatlar böhran zamanı dövriyyəyə buraxılaraq əsas resursların əhaliyə əlçatanlığını və kritik sahələrin fəaliyyətinin davamını təmin edir. Ölkə başçısı İlham Əliyev dəfələrlə milli təhlükəsizliyin, iqtisadi sabitliyin və sosial rifahın qorunması üçün həyati əhəmiyyətli malların ehtiyatlarının yığılmasının vacibliyini vurğulayıb. Belə ki, 2022-ci ilin aprel ayının 12-də ilin birinci rübünün yekunlarına dair keçirilən müşavirədə ölkə başçısı ərzaqlıq buğdanın strateji əhəmiyyətini qeyd edərək, onun istehsalının artırılması və ehtiyatının yığılması barədə tapşırıqlar verib.

Bundan başqa, COVID-19 pandemiyasının başlanğıcında Prezidentin tapşırığı ilə ölkənin ərzaq və digər həyati əhəmiyyətli məhsullarla, dərman preparatları və tibbi ləvazimatlarla təchiz olunması üçün zəruri tədbirlər görülüb.

- ADEA dövlət ehtiyatları sahəsində hansı işləri həyata keçirir?

- Agentlik yaradıldıqdan sonra Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün işlərə başlanılıb. Bu çərçivədə dövlət ehtiyatlarının mövcud vəziyyəti, idarə olunması ilə bağlı qanunvericilik bazası və qlobal risklər təhlil edilib, beynəlxalq təcrübə öyrənilib. Yeni konsepsiya hazırlanaraq, ölkənin əsas resurs ehtiyacları müəyyənləşdirilib və dövlət ehtiyatlarının ilkin nomenklaturası hazırlanaraq təsdiq edilib. Nəticədə, strateji ehtiyatlardan biri olan ərzaqlıq buğdanın ehtiyatı dəfələrlə artırılaraq zəruri səviyyəyə çatdırılıb.

Bundan başqa, Prezidentin tapşırığına əsasən ADEA ilk dəfə olaraq “Dövlət ehtiyatları haqqında” qanun layihəsini hazırlayaraq aidiyyəti qurumlarla razılaşdırıb və bu qanun 2023-cü il dekabrın 19-da qüvvəyə minib. Bununla yanaşı, normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə işlər aparılaraq qanun layihələri təsdiq mərhələsindədir. Agentlik, həmçinin ehtiyatların lazımi səviyyədə və uyğun şəraitdə saxlanılması, tədarük planına əsasən yenilənməsi üzrə tədbirlər görür, daxili və xarici bazarların davamlı monitorinqi həyata keçirir, strateji əhəmiyyətli mallar üzrə qiymətlərin kəskin dəyişməsi riskləri müəyyən edilərək zəruri tədbirlər həyata keçirir.

- Dövlət ehtiyatlarının növləri hansılardır və onların funksiyaları nədən ibarətdir?

- Azərbaycan Respublikasının “Dövlət ehtiyatları haqqında” qanununa əsasən, ehtiyatlar üç kateqoriyaya - strateji, fövqəladə və səfərbərlik ehtiyatlarına ayrılır:

Strateji ehtiyatlar: Buraya bir sıra ərzaq malları, yanacaq, tibbi ləvazimatlar, dərman vasitələri və əhalinin gündəlik istehlak etdiyi digər kritik əhəmiyyətli mallar daxildir. ADEA ölkənin strateji əhəmiyyətli istehlak malları (o cümlədən bir sıra ərzaq malları, yanacaq materialları, tibb və dərman vasitələri) üzrə təchizat zəncirinin dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin malların qısamüddətli kəskin qiymət dəyişikliyinin qarşısının alınması üçün tədbirlər görür.

Fövqəladə ehtiyatlar: Fərdi mühafizə vasitələri, xilasetmə avadanlıqları, yataq dəstləri və sığınacaqlar kimi müxtəlif zəruri malları əhatə edir. Bu ehtiyatlar fövqəladə halların qarşısını almaq və strateji əhəmiyyətli obyektlərin fasiləsiz fəaliyyətini təmin etmək üçün dövriyyəyə buraxılır. Bu sahədə də ADEA fövqəladə hadisələrin qarşısını almaq, təsirləri aradan qaldırmaq, həmçinin strateji əhəmiyyətli obyektlərin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə keçirilən mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların yaradılmasında iştirak edir.

ADEA, həmçinin fövqəladə hallara hazırlıq çərçivəsində fövqəladə ehtiyatların tədarükü sahəsində davamlı olaraq əsaslı tədbirlər həyata keçirtməkdədir.

Səfərbərlik ehtiyatları: Müdafiə və səfərbərlik ehtiyaclarının ödənilməsi məqsədilə Azərbaycan Respublikasının səfərbərlik hazırlığı çərçivəsində yaradılan ehtiyatlardır. ADEA müvafiq dövlət qurumları ilə əməkdaşlıq edərək ölkənin müdafiə və səfərbərlik ehtiyaclarını təmin etmək məqsədilə yaradılan səfərbərlik ehtiyatlarının zəruri həcmdə mövcudluğuna nəzarəti həyata keçirir.

- Dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi prosesi necə təşkil olunur?

- Dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi prosesi bir neçə mərhələdən ibarətdir. Bu prosesə malların tədarükü, yerləşdirilməsi, saxlanılması, uçotu, buraxılması və nəzarət daxil olur.

Əvvəlcə, dövlət ehtiyatlarının tərkibini və həcmini müəyyən etmək üçün nomenklatura hazırlanır. Bu prosesdə risk faktorları qiymətləndirilir və ölkənin strateji ehtiyacları təhlil edilir. Nəticədə, əhalinin rifahını təmin etmək üçün zəruri olan mallar və onların minimal həcmləri müəyyən olunur. Bu nomenklatura müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra təsdiqlənir. Malların seçimi zamanı ölkədəki istehsal və istehlak həcmləri, özünütəminetmə səviyyəsi və xarici asılılıq nəzərə alınır.

Növbəti mərhələdə dövlət ehtiyatlarına daxil ediləcək malların tədarükü və yerləşdirilməsi həyata keçirilir. Bu mərhələdə “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq daxili və xarici tədarük mənbələri araşdırılır, seçilmiş tədarükçülərlə müqavilələr bağlanır. Mallar mövcud nəqliyyat infrastrukturu ilə təhlükəsiz şəkildə saxlanma məntəqələrinə çatdırılaraq yerləşdirilir. Daha sonra, tədarük olunmuş ehtiyatların saxlanması, uçotu, buraxılması və onlara nəzarət üzrə tədbirlər davamlı şəkildə həyata keçirilir.

- Keyfiyyətin qorunması və təhlükəsizliyin təmin edilməsi üçün hansı tədbirlər həyata keçirilir?

- Keyfiyyətin qorunması və təhlükəsizliyin təmin edilməsi məqsədilə dövlət ehtiyatları müvafiq texniki normativ-hüquqi aktların aktların tələblərinə, həmçinin milli və beynəlxalq standartlara uyğun olaraq saxlanılır. Bu məqsədlə müntəzəm olaraq saxlanc yerlərinə müntəzəm texniki baxışlar keçirilir, ehtiyatların saxlanma şəraitinə nəzarət olunur, həcmləri və son istifadə tarixləri monitorinq edilir. Həmçinin bu mərhələdə təyinatı üzrə istifadə olunan və ya yararlılıq müddəti bitmək üzrə olan mallar yeniləri ilə əvəzlənir.

Bütün bu proses zamanı ehtiyatların dəqiq uçotu aparılır və onların mövcudluğu davamlı olaraq nəzarətdə saxlanılır. O cümlədən də keyfiyyətin təmin olunması üçün qabaqcıl təcrübələrdən istifadə olunaraq tərəfimizdən zəruri addımlar atılır.

- Dövlət ehtiyatlarının idarə olunmasının effektivliyini artırmaq üçün hansı addımlar atılır?

- Dövlət ehtiyatlarının effektiv idarə olunmasını təmin etmək üçün ADEA, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara uyğun gələn, strateji əhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyata keçirən hüquqi və fiziki şəxslər, eləcə də dövlət qurumları ilə əməkdaşlıq edir. Bazar iştirakçıları ölkə səviyyəsində strateji əhəmiyyətli malların davamlı təminatında mühüm rol oynayır. Strateji malların minimal ehtiyat həcminin bir hissəsi ADEA, digər hissəsi isə bazar iştirakçıları tərəfindən saxlanılır, beləliklə, bazar iştirakçılarına əlavə maliyyə yükü yaratmadan malların saxlanması təmin edilir. Bu yanaşma dövlət vəsaitinə qənaət edərək daha çevik və effektiv müdaxiləni mümkün edir.

Bundan başqa, bazar iştirakçıları strateji əhəmiyyətli malların mövcud vəziyyəti ilə bağlı mütəmadi olaraq Agentliyə məlumat verir. Bu məlumatlar sayəsində malların vəziyyəti dəqiq qiymətləndirilir, risklər öncədən müəyyən olunur və zəruri tədbirlər vaxtında görülür. Əgər strateji malların minimal həcmi azalma riski ilə üzləşərsə, ADEA bu halların qarşısının alınması üçün təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edir. Bu şəkildə bazar iştirakçıları tərəfindən saxlanılan həcmlərin müəyyən edilən minimal həcmdən aşağı düşməsinin qarşısı alınır.

Əlavə olaraq qeyd etmək lazımdır ki, ehtiyatların effektiv idarəedilməsi məqsədilə dövlət və özəl sektor arasında əməkdaşlıq da gücləndirilir. Özəl sektor bir çox strateji malın Azərbaycana idxalını təşkil edir və onların saxlanması üçün zəruri infrastruktura malikdir. Bu əməkdaşlıq dövlət ehtiyatlarının tədarükü, saxlanması və yenilənməsində özəl sektorun əhəmiyyətli tərəfdaş olduğunu təsdiqləyir.

- Dövlət ehtiyatlarının idarə olunmasının effektivliyini artırmaq üçün hansı addımlar atılır?

- Cənab Prezidentin 2021-ci il 7 oktyabr tarixli “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” fərmanı ilə Agentliyin fəaliyyət istiqamətləri və əsas hədəfləri müəyyən edilib. Fərmanda Agentliyin əsas məqsədləri kimi ölkədə strateji əhəmiyyətli malların effektiv təchizat zəncirinin qurulması, qabaqcıl tənzimləmə və idarəetmə təcrübələrinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə qarşı dayanıqlılığının artırılması qeyd olunub.

Agentliyin missiyası dövlət ehtiyatlarının yaradılması və səmərəli idarə edilməsi vasitəsilə ölkənin təhlükəsizliyini və davamlı inkişafını təmin etməkdir. Gələcəyə dair vizyonumuz isə innovativ və səmərəli idarəetmə sistemlərinin tətbiqi ilə ehtiyatların müasir və dayanıqlı şəkildə idarə olunmasıdır.

Əsas hədəflərimizdən biri strateji məhsulların ölkəyə davamlı tədarükünü təmin etməkdir. Bu məqsədlə, dayanıqlı təchizat zəncirinin formalaşdırılması üçün müvafiq strategiyalar hazırlanaraq həyata keçirilir. Eyni zamanda qlobal təchizat zəncirində baş verə biləcək fasilələrin yarada biləcək təsirlərə qarşı qabaqlayıcı tədbirlər görülür.

Digər əsas hədəfimiz dövlət ehtiyatlarının idarə edilməsinin səmərəliliyinin artırılmasıdır. Bununla bağlı Agentlik mütərəqqi beynəlxalq təcrübəni öyrənmək üçün xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, fəaliyyətində innovativ həllər və yeni texnologiyalardan geniş istifadəni təmin edir.

Bu hədəflərin həyata keçirilməsi daxili bazarın qısamüddətli təsirlərə qarşı davamlılığını artıracaq və ölkə iqtisadiyyatının uzunmüddətli davamlı inkişafına mühüm töhfə verəcəkdir.

Share on the following platforms