Karantin sertifikatı bitki və bitki məhsullarının karantin əhəmiyyətli zərərli orqanizmlərdən azad olduğunu təsdiq edən rəsmi sənəddir. Bu sənəd beynəlxalq ticarətdə bitki və bitki məhsullarının hər hansı xəstəliyinin və təhlükəsinin olmadığını göstərir.
Karantin sertifikatları iki əsas növə bölünür:
• İxrac karantin sertifikatı ixracatçı ölkə tərəfindən bitki və bitki məhsullarının ixracı zamanı verilir
• Daxili karantin sertifikatı isə bitki və bitki məhsullarının bir ölkə daxilində daşındığı zaman verilir
Karantin sertifikatı almaq üçün bitki və bitki məhsullarının karantin nəzarətindən keçməsi tələb olunur. Karantin nəzarəti isə bir neçə mərhələni - vizual baxışın olmasını, laboratoriya testindən keçirilməni, dezinfeksiya və ya dezinseksiya tədbirlərini özündə ehtiva edir.
Bu nə üçün lazımdır?
• Karantin sertifikatı ərzaqlıq buğdanın zərərli orqanizmlərdən azad olduğunu təsdiq edir. Karantin sertifikatının olması bitki zərərvericilərinin yayılmasının qarşısını almağa, Azərbaycanın təbii resurslarının təhlükəsizliyini təmin etməyə müsbət töhfə verir
• Karantin sertifikatı buğdanın keyfiyyət standartlarına uyğunluğunu göstərir. Bununla ADEA yalnız ən yaxşı keyfiyyət göstəricilərinə malik olan ərzaqlıq buğdanı tədarük edərək əhalinin təhlükəsiz və sağlam qida ilə təmin olunmasını təmin edir
• Karantin sertifikatı ölkədə kənd təsərrüfatının inkişafına, təhlükəsiz ərzaq tədarük zəncirinin yaradılmasına töhfə verir
Qeyd edək ki, ADEA, yalnız yerli ərzaqlıq buğda üçün deyil, eyni zamanda da xaricdən idxal olunan ərzaqlıq buğda üçün karantin sertifikatı tələb edir. Karantin sertifikatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilir.