Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin (ADEA) Yeni Azərbaycan Partiyası (YAP) ərazi partiya təşkilatında YAP Nizami rayon təşkilatının iştirakı ilə partiyanın VIII Qurultayının nəticələrinə və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultayda səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ADEA-nın İdarə Heyəti sədrinin müavini Zaur Ələkbərov, Agentliyin YAP ərazi partiya təşkilatının sədri Əhməd Talıbov və YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi potensialının gücləndirilməsi, milli iqtisadi təhlükəsizliyin təmin olunması, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və strateji hədəflərin reallaşdırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Həmçinin YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr çərçivəsində dövlətçilik prinsiplərinin təbliği, milli-mənəvi dəyərlərin qorunması, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və qurumda ideoloji maarifləndirmə işinin gücləndirilməsi məsələlərinə toxunulub. Dövlət siyasətinin əsas istiqamətlərinin əməkdaşlara çatdırılmasının, vətənpərvərlik ruhunun gücləndirilməsinin və milli maraqlara bağlılığın təşviqinin əhəmiyyəti qeyd edilib.
Sonda iştirakçılar ölkənin davamlı inkişafına, iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə və Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinə töhfə verməyin vacibliyini vurğulayıblar.