ADEA-da Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

12 İyun 2026

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Nizami rayon Yeni Azərbaycan Partiyasının ərazi təşkilatının iştirakı ilə Azərbaycan Dövlət Ehtiyatları Agentliyində (ADEA) tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ADEA-nın Yeni Azərbaycan Partiyası ərazi partiya təşkilatının sədri Əhməd Talıbov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. O qeyd edib ki, 15 İyun xalqımızın taleyində dönüş yaradan, ölkəmizin sabitlik və inkişaf yoluna qədəm qoyduğu tarixi gündür. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində həlledici rol oynayıb.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra çıxış edən Nizami rayon YAP ərazi təşkilatının sədr müavini Rəşadət Xalıqov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkədə ictimai-siyasi sabitliyin təmin olunması və davamlı inkişafın əsaslarının yaradılması istiqamətindəki misilsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz beynəlxalq nüfuzunu daha da artıraraq yeni uğurlara imza atır.

Sonda Milli Qurtuluş Gününün Azərbaycan xalqının birlik, həmrəylik və dövlətçilik ənənələrinin təntənəsi kimi tariximizdə xüsusi yer tutduğu vurğulanıb.

Göstərilən platformalarda paylaş