Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin (ADEA) bir qrup əməkdaşı üçün Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat sahələrinə “Tullantını dəyərə çevir!” şüarı altında infoturu təşkil olunub.
Agentlik əməkdaşları 28 may tarixində keçirilən ADEA Xeyriyyə Yarmarkasında əmələ gələn və təkrar emal üçün yararlı tullantıları Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil veriblər. ADEA əməkdaşları bu addımla COP29 öncəsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tullantıların daha da düzgün idarə olunmasına diqqət çəkiblər.
Daha sonra ADEA əməkdaşlarına bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı ətraflı məlumat verilib. Cəmiyyətin təsərrüfat sahələrində olan Agentlik əməkdaşları tullantıların zərərsizləşdirilməsi, eləcə də təkrar emal prosesini əyani şəkildə izləyiblər. Bakı bərk məişət tullantılarının yandırılması zavodunda tullantıların yandırılması prosesini izləyən Agentlik əməkdaşlarına adıçəkilən fəaliyyət müəssisəsi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, zavod ən müasir ekoloji tələblərə tam cavab verir və il ərzində 500 min ton tullantının yandırılmasından 200 milyon kilovat/saat-a qədər elektrik enerjisi əldə edir.
Səfər çərçivəsində tur iştirakçıları Balaxanı Sənaye Parkında da olublar. Tullantıların təkrar emalı prosesini izləyən əməkdaşlara 2017-ci ildən fəaliyyət göstərən təsərrüfat sahəsində tullantılar hesabına 229 milyon manat dəyərində məhsulun istehsal edilməsi haqqında məlumat verilib. Sonda tur iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.