Ərzaqlıq buğda tədarük edilərkən vətəndaşa ödəniş hansı üsulla həyata keçirilir?

02 İyul 2024

Ərzaqlıq buğda tədarük edilərkən öncə Azərbaycan Respublikasının Dövlət Ehiyatları Agentliyi (ADEA) ilə fərdi sahibkar arasında müqavilə bağlanır. Tədarük edilən ərzaqlıq buğdaya görə ödəniş icraçıya imzalanmış təhvil-təslim aktı əsasında nağdsız formada – bank hesabına köçürülür.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ödəmələr avans şərtlər toplusunda göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi məbləğinin 30 faizindən (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 50 faizindən) çox olmayaraq ödənilir.

Yəni təchizatçılara öncədən 30% - 50% ödəniş nəzərdə tutulur. Mikro və kiçik sahibkarlıq subyektlərinə 50%, digər sahibkarlıq subyektlərinə isə öncədən ödənişin həcmi 30% müəyyən olunub.

Avansın alınması üçün təchizatçı tərəfindən satınalan təşkilata avans (avans təminatı – avansdan məqsədli təyinatı üzrə istifadə olunmadıqda, satınalma müqaviləsinin icrasına başlanılmadıqda və ya satınalma müqaviləsi icra edilmədikdə, qalib təchizatçının əvvəlcədən ona edilmiş ödənişlərin qaytarılacağına dair satınalan təşkilat qarşısında götürdüyü öhdəliklərə görə qarantiya, sığorta təminatı, akkreditiv, depozitlər və digər maliyyə aktivləri şəklində verilən təminat) ödənişinin ümumi həcmindən az olmayan məbləğdə avans təminatı təqdim olunur. Təchizatçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin icra edilməsi üçün istifadə edə bilər.

Avans təminatı almaq üçün təchizatçılar tərəfindən avans təminatı təqdim edilməlidir. Təminatın müddəti şərtlər toplusunda qeyd edilir. Azərbaycanda 2024-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 400 manat/ton olaraq müəyyənləşib.

Göstərilən platformalarda paylaş