Bakıda Beynəlxalq Operativ Dəyirmançılar Assosiasiyasının Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası ilə birgə "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfrans və sərgi baş tutub. Konfransda dövlət və özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqov tədbirin açılış hissəsində çıxış edib. S.Sadıqov bildirib ki, ölkənin kənd təsərrüfatında mühüm rola malik olan buğda istehsalı ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir.
S.Sadıqov ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət tərəfindən atılan addımların əhəmiyyətindən söz açaraq bildirib ki, ölkənin dövlət ehtiyatlarının yaradılması, idarə edilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində Agentlik tərəfindən bir sıra mühüm tədbirlər icra edilir.
Bundan əlavə, konfrans çərçivəsində keçirilən “Avrasiya bölgəsində taxıl bazarına makroiqtisadi təsirlər” adlı panel müzakirəsində Agentliyin İdarə Heyəti Sədrinin müavini Zaur Abişev təqdimatla çıxış edib.