Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü əsasında Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (ADEA) ilə birgə hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin fövqəladə hallara hazırlığını yoxlamaq və təkmilləşdirmək məqsədilə genişmiqyaslı mülki müdafiə məşqi keçirilib.
Mülki müdafiə dəstələri üçün keçirilən xəbərdarlıq və toplanış üzrə genişmiqyaslı mülki müdafiə məşqində iştirakçılara təbii fəlakətlər, texnogen qəzalar və digər fövqəladə hallarla bağlı xəbərdarlıq sisteminin iş prinsipləri, toplanış prosedurları və koordinasiya bacarıqları izah edilib. Mülki müdafiə məşqi çərçivəsində zəruri təhlükəsizlik tədbirləri, ilkin yardımla bağlı məlumat və mülki şəxslərlə effektiv ünsiyyət qurmaq bacarığı barəsində təlimatlar verilib. Məşq iştirakçıları fövqəladə hallarda əhali arasında təşvişin qarşısının alınması, resursların düzgün idarə olunması və mülki şəxslərin təhlükəsizliyinin təmin olunması kimi əsas tapşırıqlarla bağlı praktik biliklərə yiyələniblər.
Yekun olaraq məşq iştirakçılarının fəaliyyətləri qiymətləndirilib və mülki müdafiə dəstələrinin hazırlıq səviyyəsinin qənaətbəxş olduğu bildirilib. Qeyd edək ki, bu cür məşqlər, xüsusilə mülki müdafiə dəstələrinin sürətli və koordinasiyalı fəaliyyətini təmin etmək üçün böyük əhəmiyyət kəsb edir. ADEA fövqəladə hallarda əhalinin təhlükəsizliyini təmin etmək üçün gələcəkdə də müvafiq dövlət qurumları ilə birgə bu cür tədbirlərin təşkilində iştirak edəcək.